Azərbaycan Turizm Assosiasiyasının tərkibində ölkədə ilk dəfə Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb.
“Report”un əldə etdiyi məlumata görə, Komitə turistlərin üzləşdiyi problemlərin həllində onlara yaxından kömək edəcək.
Quruma rəhbərlik turizm üzrə ekspert Rəhman Quliyevə həvalə olunub.
"Turizm sahəsində qarşılaşdığımız problemlər, turistlərin üzləşdiyi çətinliklər bir çox hallarda həll edilmirdi. Yeni yaradılan Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi turizm şirkətlərinin mənəvi yükünü azaldacaq, eyni zamanda turistlərin suallarını cavablandıracaq, qeyri-kommersiya qurumu kimi hüquqi yardım göstərəcək. Əsas məqsədimiz turistlərlə turizm şirkətləri arasındakı uçurumu, inamsızlığı aradan qaldırmaqdır”, - R.Quliyev qeyd edib.
Onun sözlərinə görə, turistlərin problemlərinin çevik şəkildə həlli üçün Komitəyə hüquqşünaslar cəlb ediləcək: “Xüsusilə pandemiya dövründə turistlər aviabiletlərin geri qaytarılması, turpaketlərin ləğvi, hotellərdə yerləşdirmə kimi bir sıra problemlərlə qarşılaşdılar. Bu problemlərin həll edilməsi vacib məsələdir. Elə bizim də əsas məqsədimiz odur ki, həmin problemlərin həllində turistlərə yaxından köməklik edək. Həmçinin Komitə mütəmadi olaraq yeni çıxan qərarları, təlimatları incələyəcək, turistləri dərhal məlumatlandıracaq".
Yaxın vaxtlarda Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsinin internet səhifəsi və "qaynar xətt"i istifadəyə veriləcək. Səyahət zamanı hər hansı bir problemlə üzləşən turistlər Komitəyə müraciət edə biləcəklər.