İranın limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşula bilər

İranın limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşula bilər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu” mövzusunda onlayn görüş keçirilib.
İnfrastruktur
24 İyun , 2021 10:04
İranın limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşula bilər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu” mövzusunda onlayn görüş keçirilib.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyinin, "ADY Konteyner" və ADY-nin digər törəmə müəssisəsi “ADY Express” MMC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, Hindistan tərəfdən isə bu ölkənin Azərbaycandakı səfirliyinin, Ticarət Palatasının, Ekspeditorlar Assosiasiyasının, CONCOR şirkətinin nümayəndələri iştirak ediblər.

Vebinarda Rusiyadan Hindistana qədər uzanan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcəyi vurğulanıb. Dəhlizin keçdiyi ölkələrdə infrastruktur layihələri, yüklərin cəlb edilməsi istiqamətində görülən tədbirlərdən danışılıb.

Görüşdə iştirak edən “ADY Konteyner”in direktoru Natiq Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanları barədə geniş məlumat verib, rəhbərlik etdiyi şirkətin bu günlərdə dəhlizlə Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına yola düşən ilk konteyner blok qatarının operatorlarından biri olduğunu vurğulayıb. O, qatarın 22-23 gün ərzində təyinat stansiyasına çatdırılmasının hədəfləndiyini deyib, bildirib ki, sözügedən marşrut Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər. Belə ki, dəniz xətləri ilə müqayisədə bu marşrutla Avropanın şimalından Hindistana və əks istiqamətdə yükdaşımaların müddəti kifayət qədər qısalır.

N.Cəfərov Dəhlizlə hərəkət edən ilk blok qatardakı konteynerlərin Finlandiyaya göndərilmiş “ADY Konteyner”ə məxsus olan dəmiryolu platformaları ilə daşındığını qeyd edib. O, uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğunu, layihənin gerçəkləşməsi üçün platforma təminatını qurumun öz üzərinə götürdüyünü vurğulayıb.

Hindistan səfiri Bavitlunq Vanlalvavna isə həm ölkəsinin, həm də Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə çox böyük önəm verdiklərini bildirib, iştirakçıları iki ölkə arasında malların daşınması üçün nəqliyyat dəhlizindən istifadəni təşviq etməyə dəvət edib. O, Hindistan İranın Çabahar limanının Dəhlizə daxil edilməsini təklif etdiyi barədə məlumat verib və limanın təklif etdiyi müxtəlif güzəştlərdən danışıb. Səfir yaxın aylarda Bakıda keçirilməsi ehtimal olunan Koordinasiya Şurasının növbəti iclasında Çabahar limanının Dəhlizə daxil edilməsinə dair müsbət qərarın veriləcəyinə ümid etdiyini bildirib.

Vebinar iştirakçıları dəhlizin aktivləşdirilməsi isitiqamətində bəzi təkliflərlə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi