Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 1 ildən çoxdur ki, Bakıdan regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub.
"Report"un məlumatına görə, qadağa təkcə gecə saatlarında hərəkət edən qatarlara deyil, həm də gündüz saatlarında hərəkət edən Bakı-Gəncə sürət qatarına aiddir.
Bu ilin may ayında isə Qəbələ Dəmiryol Vağzalının və Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı olub, lakin bu istiqamətdə də qatar işləmir. Halbuki, Bakı-Qəbələ sürət qatarının fəaliyyəti pandemiya ilə əlaqədar böyük problemlərlə üzləşmiş turizm sektorunun dirçəlməsinə böyük töhfə verərdi.
"Azərbaycan Dəmir Yolları" hazırdır
"Azərbaycan Dəmir Yolları" QSC-də bildirirlər ki, hazırda sürət qatarları test rejimində fəaliyyət göstərir. Sərnişindaşımaya başlamaq üçün isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı olmalıdır. Bu barədə qərar qəbul edilsə, qatarların işə düşməsi problem olmayacaq. Hələlik isə səhmdar cəmiyyəti dəmir yolunun müxtəlif istiqamətlərində sabit cərəyan sistemindən dəyişən cərəyan sisteminə keçidlə bağlı işlər aparır. Bu, enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların sürətinin artırılmasına imkan verəcək.
Bakı-Sumqayıt qatarında koronavirus yayılmır?
Rəsmilər sürət qatarlarının fəaliyyətinə qadağa qoyulmasını koronavirusun həddindən çox yayılmasının qarşısını almaq istəyi ilə izah edirlər. Amma maraqlıdır ki, Bakı-Sumqayıt sürət qatarlarının işləməsinə icazə verilir. Baxmayaraq ki, həmin qatarlara minən sərnişinlərin sayı həddindən çox olur və qatarlar əksər hallarda sərnişin sıxlığı ilə hərəkət edirlər. Regionlara işləyən sürət qatarlarında isə sıxlıq olması mümkün deyil, çünki biletlər oturacaqların sayına uyğun satılır və belə şəraitdə koronavirus daha az yayılır.
Bu fikirlə həkim-infeksionist Azər Nağıyev də razılaşır. Onun fikrincə, müəyyən şərtlərlə regionlara sürət qatarlarının işləməsinə icazə vermək olar: "Əgər sosial məsafəni gözləyiriksə, maska taxırıqsa, gigiyena qaydalarına əməl ediriksə, heç bir təhlükə olmaz. Bakıdakı avtobuslarda sıxlıq çoxdur, yoxsa qatarlarda?"
"Qatarların işə salınması daxili turizm üçün çox vacibdir"
İqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, regionlara sürət qatarları işləməlidir və bu, daxili turizmin inkişafı üçün çox vacib amildir: "Artıq əksər ölkələr pandemiyanın yaratdığı çətinliklərə uyğun olaraq turizm üçün qaydalar müəyyənləşdiriblər.
Azərbaycanda da ictimai nəqliyyat və digər sferalar üçün qaydalar var. 2019-cu ildə ölkəyə 3,2 milyon turist gəlibsə, ölkədən 5,7 milyon turizm gedib. Bu baxımdan indiki dövrdə qatarların fəaliyyət göstərməsi vacibdir. Turistlər üçün fərqli nəqliyyat vasitələrindən istifadə imkanları yaradılmalıdır. İstirahətə gedənlərin çoxu qatara üstünlük verirlər. Qatarla səfər zamanı artıq fərqli bölgələri görmək, seyr etmək imkanı olur. Mövcüd dəmir yolunun potensialından istifadə etmək, gələcəkdə hətta dəmir yolu turizminin yaradılması istiqamətində işləri intensivləşdirmək lazımdır".