Bakı Limanı Niderlandla təlim proqramına başlayır

Bakı Limanı Niderlandla təlim proqramına başlayır Bu barədə "Report"a Bakı Limanından bildirilib
İnfrastruktur
5 Mart , 2021 17:27
Bakı Limanı Niderlandla təlim proqramına başlayır
Taleh Ziyadov

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a Bakı Limanından bildirilib.

Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə, nəqliyyat, ticarət və logistika sahədə çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər. Proqram iştirakçıları Fontis Tətbiqi Elmlər Universitetində və Qilde İnstitutunun peşə təhsili mərkəzində beynəlxalq logistika və dünya liman sənayesi, anbarların idarəedilməsi, liman əməliyyatları və gömrük prosedurları sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edə biləcəklər.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov dünyanın logistika xəritəsində mühüm yer tutan Venlo şəhərində liman sahəsinə dair təlimlərin təşkil edilməsini zamanın tələbi olduğunu qeyd edib: “Logistika sahəsi daim yeni texnologiyaların və müasir idarəetmə üsullarının tətbiq olunduğu sahə olub. Xüsusən də Avropanın mühüm logistika qovşaqlarından olan və Venlo şəhərinin yerləşdiyi Limburq vilayəti, bu ərazidə yerləşən Fontis Universiteti və Qilde İnstitutu qeyd etdiyim biliklərin mərkəzləri sayılır. Burada əldə olunan biliklər nəqliyyat sahəsinin geniş spektrini əhatə edir və ölkəmizdə logistika sahəsində müasir kadrların formalaşmasında mühüm rol oynayacaqdır”.

İlk təlimlərin 2021-ci ilin sentyabr-dekabr ayları ərzində həyata keçirilməsi nəzərdə tutulub. Təlim-tədris proqramında iştirak edənlər gün ərzində 3 saat Fontis Universiteti və Qilde İnstitutunda nəzəri biliklər əldə edəcəklər, günün ikinci yarısında isə “Cabooter Group”-un anbarları, idarəedici ofisləri, yükboşaltma sahələrində real işə cəlb olunacaqlar.

“Cabooter Group”un icraçı direktoru Hans Cabooter qeyd edib ki, Azərbaycan və Bakı Limanı strateji nəqliyyat qovşağında yerləşir və 2019-cu ildən Liman və onun rəhbərlik etdiyi şirkət Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər. Cənab Cabooter vurğulayıb ki, adı çəkilən təlim proqramı Bakı Limanı və digər iştirakçıların peşəkar bilikərinin artırılması təmin edəcək, yük axınının operativ və müasir tələblərə cavab verən formada aşırılmasına xidmət edəcəkdir: “Bakı Limanı regionun ən müasir limanlarından biridir və əməkdaşlarının da əksəriyyəti gənc nəslin nümayəndələridir. Bizim dəstək olduğumuz 4 aylıq təlim proqramı liman əməkdaşlarının və digər şirkətlərin peşəkar kadrlarının hazırlığını sahəmizdə müşayət etdiyimiz çevik dəyişikliklər fonunda zamanın tələblərinə uyğun formalaşdıracaqdır.”

Tədbirin sonunda T.Ziyadov, Fontis Universitetinin direktoru Henninq Jansen, Qilde İnstitutunun İdarə Heyətinin sədri Peter Thuis və “Cabooter Group”-un direktorlar şurasını üzvü Peter Pardoel Anlaşma Memorandumu imzalayıblar. Xatırladaq ki, 2019-cu ilin aprel ayında Bakı Limanı Venlo şəhərinin daxil olduğu Limburq vilayətinin aparıcı logistika şirkətləri, Cabooter Group və Fontis Universiteti də daxil olmaqla əməkdaşlığa dair razılığa gəliblər.

Almaniya ilə sərhəddə yerləşən Venlo şəhəri çoxsaylı aqro-biznes, “fresh park”, tanınmış geyim markaları, elektronika və digər sahələri əhatə edən dünyanın nəhəng şirkətlərinin distributor və diler nümayəndəliklərinə ev sahibliyi edir. Əsasən Rotterdam, Antverp və Amsterdam kimi iri limanlardan daxil olan yüklər Venlodan Avropanın əksər ölkələrinə paylanılır.

Son xəbərlər

Orphus sistemi