Bu gün “Bakı Metropoliteni” QSC-də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumatda deyilir ki, anım mərasimində “Bakı Metropoliteni”nin rəhbərliyi də iştirak edib:
2020-ci il Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Anım Gününün ölkəmizdə geniş qeyd edildiyi bu gün “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri “Nərimanov” elektrik deposunda 20 Yanvar və Birinci Vətən müharibəsinin metropolitençi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticədə dinc vətəndaşlarımız və hərbçilərimiz arasında çoxsaylı ölüm və yaralanma halları ilə müşayiət olunub. Bu hücumların qarşısının alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları cəmi 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilərək dövlətimizin əzəmət göstəricisi olan Zəfər tarixinə çevrilib.
Müharibənin gedişində müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl atmaqla, müharibə qanunlarına zidd olaraq, Gəncə, Bərdə, Tərtər və bir sıra digər, müharibə getdiyi ərazilərdən kənarda olan bölgələrimizdə günahsız mülki insanları belə hədəfə almaqdan çəkinməyib, müharibə cinayətləri törədib. Bu cinayətlər heç vaxt unudulmayacaq!
Vətən müharibəsində “Bakı Metropoliteni”nin əməkdaşları da iştirak edib.
Qəhrəman şəhidlərimizin, qazilərimizin şücaəti, canı və qanı bahasına azad olunan torpaqlarda Azərbaycan xalqının iradəsinin, əzminin daha bir tarix səhifəsi yazılıb.
İkinci Qarabağ müharibəsində “Bakı Metropoliteni” QSC-nin kollektivinin əməkdaşları da işğaldan azad olunmuş torpaqlarımzın azad edilməsində iştirak edib. Onlardan 7 nəfəri qazi kimi kollektivə qayıdıb. Döyüşlərdə şücaət göstərmiş metropolitençilərin fədakarlığı dövlətin müxətlif təltifləri ilə xüsusi qeyd olunub. 4 metropolitençi övladı bu müharibədə şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan xalqı, o cümlədən Bakı metropoliteninin kollektivi hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir və xatirəsini uca tutur.
Qoy üçrəngli bayrağımız həmişə azad Vətən səmasında dalğalansın!
Qarabağ Azərbaycandır!