"Bakı Metropoliteni" QSC Rusiyadan Azərbaycana gətirilən yeni qatarların yolda vandalizmə məruz qalması və geri qaytarılması barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.
Qurumdan "Report"a verilən açıqlamada deyilir ki, 4 qatar Bakıya yola salınmazdan əvvəl metronun nümayəndələri onların texniki şərtlərə uyğun istehsal olunub - olunmadığını təftiş edib.
Hər hansı problem aşkar edilmədiyi üçün qatarlar səfərə hazırlanıb. İyunun 29-da 2 qatar, iyunun 30-da isə daha 2 qatar ölkəmizə yola salınıb. Hazırda qatarlar yoldadır və onlarla bağlı problem yoxdur. Ümumiyyətlə isə, qatarların saz vəziyyətdə çatdırılmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq.