2020-ci ilin mart ayında “Avtovağzal-Xocəsən” deposu arasında ikinci tunelin inşası başa çatdırılıb.
“Report”un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi xəbərə görə, bu tunellər metro inşaatı tarixində ən mürəkkəb qazıntı işləri kimi yer alıb.
Ağır hidrogeoloji şərait, ətraf ərazidəki tikililər, kommunikasıya xətləri baxımından metro inşaatçıları ən məsuliyyətli vəzifəni layiqincə, keyfiyyətlə və itkisiz, əmək rəşadəti ilə yerinə yetiriblər. Hər iki tuneldə tikinti-quraşdırma işləri ilə yanaşı, yolun üst quruluşu elementlərinin quraşdırılması da tamamlanıb.
Bundan savayı, “Memar Əcəmi-8 Noyabr” mənzili boyunca tunellərin inşası, müvafiq infrastrukturun qurulması işləri yekunlaşıb. Burada mühüm yenilik metro inşaatında ilk dəfə dəmir-beton bloklardan istifadə olunmasıdır. Yolun üst quruluşu elementlərinin ballastsız əsaslar üzərində qurulması və burada dəmir-beton bloklardan istifadə olunması iqtisadi, texniki, istismarın səmərəliliyi baxımından daha böyük imkanlara yol açır. Hazırda yeni sahələrdə yollar bu tərzdə salınır və tikinti sahələrinin dəmir-beton blokları metronun öz istehsalat bazası olan dəmir-beton konstruksiyalarının istehsalı sahəsində hazırlanır. Burada Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də "Made in Azerbaijan” brendinə bir töhfədir.
Dəmir-beton bloklar təkcə yeni inşa olunan "Bənövşəyi” xəttin "Memar Əcəmi-8 Noyabr”, "Xocəsən-Avtovağzal” sahələrində deyil, "Xətai” və "Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmir edilən stansiya yollarına qoyulmaqla daha bir istiqamətdə yeniliklərin tətbiqi öyrənilib. Ağac şpalların ölkəmizdə istehsal olunan dəmir-beton şpallarla əvəz edilməsi Nərimanov elektrik deposunun park yollarında da aparılır. İndiyə kimi "Bakmil” stansiyasının hər iki yolunda, stansiyadan portala qədər olan yol sahəsində, deponun təmir olunmuş qanovlarının davamında 2000-dən artıq dəmir-beton şpal qoyulub.
Yeri gəlmişkən, metropolitenin dəmir-beton konstruksiyaları istehsalatı sahəsi təkcə 2020-ci il ərzində 1198 dəmir-beton şpal istehsal edib. Bu müddətdə 10245.36 kvadrat metr metal tor, 25 metal çəpər istehsal olunub, 552 müxtəlif ölçülü dəmir beton svayların armaturlanması prosesi həyata keçirilib. 142 tondan artıq məftil açılıb, doğranılaraq tikinti obyektlərinə göndərilib. Sahə metropoliten obyektlərini 28 min 677 kub metrdən artıq əmtəə betonu ilə təmin edib. İl ərzində 20-yə yaxın müxtəlif dəmir-beton konstruksiyası məhsulları istehsalını yerinə yetirib.