Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Qarabağda Urbisid” fotosərgisinin nümayişinə başlanılıb.
"Report" xəbər verir ki, “Bakı Metropoliteni” QSC ilə Qarabağ Dirçəliş Fondunun birgə təşkil etdikləri sərgidə erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin 90-a yaxın fotosu yerləşdirilib.
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan fotosərgi metronun sərnişinlərinə konkret nümunələr əsasında 30 illik işğal dövründə Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Altı ay davam edəcək sərgi çərçivəsində təqdim olunacaq hər bir fotoşəkildə abidələrin indiki və işğaldan əvvəlki vəziyyəti göstərilib. Şəkillərin üzərində yerləşdirilən QR kodlar vasitəsilə daha ətraflı məlumatla tanış olmaq, həmçinin Qarabağın bərpası üçün ianə etmək mümkündür.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır. Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin işğal altındakı ərazilərdə törətdikləri dağıntıları əks etdirən “Qarabağda Urbisid” fotosərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.
“Qarabağda Urbisid” fotosərgisi bu günə qədər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, “Rebuild Karabakh 2022” sərgisində, iri alış-veriş mərkəzlərində, ali təhsil müəssisələrində və digər yerlərdə təşkil olunub. Sərgini minlərlə ziyarətçisi erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin fotoları ilə tanış olmaqla yanaşı, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı da məlumat alıblar.