Bu gün saat 12:00-da “Bakı Metropoliteni” QSC-də qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm fiti verib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hazırda Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün anım mərasimi yalnız "Nərimanov” elektrik deposunda baş tutub. Matəm fiti deponun yollarında yayılıb. Səhmdar cəmiyyətinin rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.