Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar bu gün "Bakı Metropoliteni" QSC-nin stansiyalarında mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə xüsusi tərtib olunmuş proqram yayımlanır.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, 3 hissədən ibarət proqram 16 qrupdan ibarətdir. Proqram çərçivəsində Ulu Öndərin müxtəlif vaxtlarda dilə gətirdiyi ifadələri yer alıb. Bu ifadələr onun Azərbaycan və azərbaycançılıq, dövlətçilik və tarix, xalq və vətən, milli dəyərlər və mədəniyyət, təhsil və uşaqlar, sağlamlıq və gələcəklə bağlı ibarəyə çevrilmiş fikirlərini əhatə edir.
Bu ifadələri Ulu Öndərin sevdiyi, ona həsr olunmuş və tematik musiqi inciləri müşayiət edir. Proqramda xalq mahnıları, habelə Nizami Gəncəvi, Xurşudbanu Natavan, Rəsul Rza, Ənvər Əlibəyli, Fikrət Qoca, Nəbi Xəzri, Teymur Elçin, Baba Vəziroğlu, Leyla Əliyeva və Xanım İsmayılqızının sözlərinə Üzeyir Hacıbəylinin, Niyazinin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Oqtay Zülfüqarovun, Müslüm Maqomayevin, Sevil Əliyevanın, Eldar Mansurovun, Niyaməddin Musayevin və Kamalın bəstələdikləri musiqi parçaları yer alır.
Proqrama daxil olan hər qrupu Ümummilli Liderin metropolitenlə bağlı tarixi əhəmiyyətə malik və metropolitençilər üçün aforizmə çevrilmiş sözləri tamamlayır.
Bakı metropoliteni il ərzində müxtəlif əlamətdar və tarixi günlərdə bu layihəsini davam etdirəcək. Layihə çərçivəsində Ulu Öndərə həsr olunmuş müxtəlif sosial əhəmiyyətli mövzular sərnişinlərin diqqətinə çatdırılacaq.