Sabah paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar çovğun olacağı və bəzi yerlərdə qar yağacağı ehtimal edilir.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) hərəkət iştirakçılarına müraciətində bildirilir.
"Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.
Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik.
Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - qurum bəyan edib.