Bakı Nəqliyyat Agentliyi Azərbaycanda yeni tədris ilinin başlamasını nəzərə alaraq həm sərnişin daşımalarının, həm də yol hərəkətinin təşkil edilməsi istiqamətində hazırlıq işləri görməyə başlayıb.
“Report” xəbər verir ki, bunu Agentliyin mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı daşıyıcı şirkətlərə müəyyən tapşırıqlar veriləcək: "Bura avtobusların sayının, onların arasındakı intervalın tənzimlənməsi daxildir. Amma bu işlərin effektiv olması üçün qarşılıqlı tədbirlər görülməli, hərəkət iştirakçıları müəyyən addımlar atmalıdır. Övladını məktəbə aparan valideynlərdən xahiş edirik ki, avtomobillərini məktəblərin önündə park edib, ümumi hərəkətə mane olmasınlar. Bu, xüsusilə şəhərin mərkəzində yerləşən məktəblərə aiddir. Bəzi hallarda görürük ki, parketmə nəticəsində küçələr keçilməz olur.
Bundan başqa, məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə bağlı işlər həyata keçirilir: "Piyada hərəkət edən şagirdlərin təhlükəsizliyinin artırılması ilə bağlı işlərə başlanılıb”.