Bakı və İstanbul metropolitenlərinin işgüzar əlaqələri genişləndiriləcək

Bakı və İstanbul metropolitenlərinin işgüzar əlaqələri genişləndiriləcək Əməkdaşlıq yeni müstəvidə inkişaf etdiriləcək
İnfrastruktur
3 İyun , 2021 13:58
Bakı və İstanbul metropolitenlərinin işgüzar əlaqələri genişləndiriləcək

İstanbul metropoliteninin Baş direktoru Özgür Soy Bakı metropolitenində qısamüddətli işgüzar səfərdə olub.

“Report”un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, qonağı Bakı metropoliteninin təlim-tədris mərkəzində Səhmdar Cəmiyyətin sədri Zaur Hüseynov salamlayıb. Görüşdə Bakı metropoliteninin digər rəhbər və vəzifəli şəxsləri də iştirak edib. Böyük məmnuniyyət hissini ifadə edərək görüşü “bir millət iki dövlət”in metropolitenlərinin qardaşlıq ruhunda əməkdaşlığının təzahürü adlandıran Zaur Hüseynov Bakı metrosu ilə tanışlığın təlim-tədris mərkəzindən başlanmasını burada metropolitenin bütün infrastrukturu barədə ilkin ətraflı və geniş məlumatların verilməsi baxımından daha münasib olduğunu bildirib.

Əlaqələrin dərinləşməsi və zənginləşməsi baxımından istənilən səviyyədə görüşlərin əhəmiyyətli olduğunu deyən Səhmdar Cəmiyyətin sədrinin müşayiəti ilə guşələr, tədris, təlim və trenajor otaqları vasitəsilə metropoliten barədə bütün məlumatları alan Ö. Soy Mərkəzin akademik səviyyədə təşkil edilməsini və bu istiqamətdə Bakı metropoliteninin təcrübəsini öyrənərək İstanbulda da belə bir Mərkəz qura biləcəklərini deyib. Qarşılıqlı əməkdaşlıqdan məmnun olacaqlarını deyən QSC sədri Bakı metropolitençilərinin istanbullu həmkarlarından da öyrənə biləcəklərinin, xüsusən müasir texnologiyalar üzrə təcrübə baxımndan az olmadığını vurğulayıb.

Mərkəzdə Ö.Soya Bakı metropoliteninin tarixi, son illərdə həyata keçirilmiş irimiqyaslı layihələrlə əldə olunmuş nailiyyətlər barədə məlumatlar verilib. Müəssisənin strukturu, habelə təlim-tədris mərkəzi, vaqonların əsaslı təmiri, dəmir-beton konstruksiyaları istehsalatı sahəsi, diaqnostika kompleksi, yeni qatarlar və stansiyalar, depoda tətbiq edilən bir sıra texnologiyalar Özgür Soyun xüsusi marağına səbəb olub. O, korporativ sosial məsuliyyət, o cümlədən işçilərin istirahət və asudə vaxtının təşkili, sosial layihələridə təqdirəlayiq hesab edib.

Təqdimat əsasında qonağın diqqətini çəkən, eləcə də bir sıra məsələlər ətrafında İstanbul metrosunun təcrübəsi barədə fikir mübadiləsi də aparılıb. QSC sədri Z. Hüseynov kadrların, tətbiq edilən idarəetmə sistemləri ilə bağlı təcrübə mübadiləsi, ələlxüsus Bakı metropolitenindən xeyli sonra fəaliyyətə başlasa da, müasir texnologiyaları geniş tətbiq edən İstanbul metrosunun qabaqcıl təcrübəsindən faydalanmağın mümkünlüyünü qeyd edib. Bu mənada o, yeni Bənövşəyi xətdə Fransanın “Thales” şirkətilə əməkdaşlıq şəraitində tətbiq edilən müasir yeniliklərin mənimsənilməsi zamanı Bakı metropoliteninin gənc kadrlarının Kanadanın Toronto, BƏƏ-nin Dubay şəhərləri ilə yanaşı, İstanbul metrosunda da təcrübə mübadiləsi keçdiklərini, eləcə də kadr hazırlığı ilə bağlı geniş təmasdan söz açıb.

Ö.Soy isə öz növbəsində təlim-tədris mərkəzi ilə tanışlıq zamanı həm kadr, həm də bir sıra spesifik sahələrdə Bakı metropoliteninin təcrübəsinə ehtiyaclarını və məmnuniyyətlə sürəkli əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıb və Zaur Hüseynov başda olmaqla nümayəndə heyətini İstanbul metrosuna dəvət edib.

Görüş “Nərimanov” elektrik deposunda davam edib. Burada ilkin təqdimatda qeyd edilən sahələrdən unikal layihə əsasında inşa olunaraq ən müasir avadanlıqlarla təchiz edilmiş mərkəzləşmiş məntəqə növbətçisinin, videomüşahidə, işarəvermə avadanlıqları sahələri, eləcə də depo ərazisində qatarların hərəkətinin təşkilində tətbiq edilmiş yeni sistemlər, deponun funksional fəaliyyəti barədə ətraflı məlumat təqdim edilib və müzakirələr aparılıb. Vaqonların əsaslı, eləcə də elektrik mühərriklərinin təmiri sahələrində Özgür Soyu təmir prosesinin təşkili və yeniləşmə zamanı tətbiq edilən innovativ yeniliklərin mahiyyəti maraqlandırıb. İki metropolitendə istismar olunan vaqonlar və vaqonaltı avadanlıqlar, hərəkət sistemlərinin fərqləri geniş və maraqlı fikir mübadiləsi predmeti olub.

Qonağa vaqonların qaldırma təmiri, qatarların cari baxış və qulluğunun aparıldığı qanovlar və buradakı müasirləşmə tədbirləri barədə də məlumat verilib. Metropoliten infrastrukturunun diaqnostikası kompleksi İstanbul metrosu rəhbərinin diqqətini xüsusilə çəkərək bu sahədə də əməkdaşlıqdan məmnun olacaqlarını dilə gətirib.

Bu görüşlərdən sonra Ö. Soy bədii-memarlıq kompozisiya həlli ilə dünya metropolitenlərinin incilərindən hesab edilən “Nizami” stansiyası ilə tanış olub. Burada qonağa Ulu öndər Heydər Əliyevin gərgin və fədakar əməyi nəticəsində özünəməxsus sənət nümunəsinə çevrilmiş stansiyanın inşası zamanı rast gəlinən çətinliklər, dahi mütəfəkkir və şairin həyat və yaradıcılığı, pannolarda əks olunan təsviri sənət nümunələri, habelə 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Nizami ili” elan edilməsi çərçivəsində açılmış sərgi barədə ətraflı məlumat verilib.

Səfərin sonunda tərəflər səmimi söhbətlər və müzakirələrin faydalı işbirliyinə yol açdığını vurğulayıblar. Bu isə Bakı metropoliteninin davamlı genişlənən beynəlxalq əlaqələrinin cari ildən daha bir mühüm istiqamətdə yeni müstəvi üzərinə keçiriləcəyinə əminlik yaradır.

Son xəbərlər

Orphus sistemi