Noyabrın 18-də Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə "İqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi" mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsinin keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən, 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günə qədər uzadılıb: "Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və yaxud vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur".
Miqrasiya rəsmisi qeyd edib ki, bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə Azərbaycana vizasız qaydada gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat və maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb.
Ü.Əliyev deyib ki, tətbiq edilən qaydalarla bağlı əcnəbilərin məlumatlandırılması üçün görülmüş birgə tədbirlər nəticəsində COP29-a dair rəsmi internet səhifələrində və digər müvafiq mənbələrdə miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib, o cümlədən Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlər, eləcə də digər hədəf qrupları müvafiq qaydada məlumatlandırılıb: "Konfrans keçirilən dövrdə ölkəyə gələn əcnəbilərin miqrasiya orqanları ilə mümkün təmas nöqtələrində - Heydər Əliyev Beynəlxalq Aeroportunda, Xidmətin Çağrı mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı zəruri tədbirlər görülüb".