Bakının Hövsan qəsəbəsindəki İ.Əhlimanov küçəsinin bir hissəsi təmir olunub

Bakının Hövsan qəsəbəsindəki İ.Əhlimanov küçəsinin bir hissəsi təmir olunub Uzunluğu 1250 metr, ortalama eni isə 14 metr təşkil edən küçənin sözügedən hissəsi işlək küçələrindən hesab olunur
İnfrastruktur
22 Aprel , 2021 11:22
Bakının Hövsan qəsəbəsindəki İ.Əhlimanov küçəsinin bir hissəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Hövsan qəsəbəsindəki İlqar Əhlimanov küçəsinin bir hissəsini təmir edib.

“Report”un agentliyə istinadən verdiyi məlumata görə, uzunluğu 1250 metr, ortalama eni isə 14 metr təşkil edən küçənin sözügedən hissəsi qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.

Küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.

Bundan başqa vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeniləri inşa edilib, küçə boyu kəsişmələrlə bərabər səkilərin kənarlarına 2 min paqon-metrdən çox səki daşı düzülüb.

Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Bundan başqa küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Layihənin sonuncu mərhələsi üzrə təmir işləri aparılan hissənin zəruri nöqtələrinə yeni yol nişanları qoyulub, yolun üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi