"Azərsu" ASC-nin xüsusi qrupları Bakının Xətai rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlayıb.
Bu barədə "Report"a "Azərsu"dan bildirilib.
Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib. Xətai rayonunun Nazim Şükürov küçəsində yerləşən “Uğur Su” şirkətinin su təchizatı sistemlərinə baxış keçirilərkən içməli su şəbəkəsinə 40 mm diametrli boru ilə qanunsuz birləşmə edildiyi məlum olub. Burada şəbəkədən götürülən su xammal kimi istifadə olunub, qablaşdırılmış su istehsal edilib. Bu, qablaşdırılmış su satışı ilə məşğul olan şirkətlərin içməli sudan qanunsuz istifadə edərək qablaşdırıb əhaliyə satması barədə növbəti faktdır.
Sudan qeyri-qanuni istifadənin aşkarlandığı növbəti ünvan Neapol küçəsindəki restoran olub. İctimai iaşə obyektinin sahibi texniki şərt alıb müqavilə bağlamaq əvəzinə yaxınlıqdakı yataqxana binasındakı xəttə özbaşına qoşulma edib. Xətai rayonunun Həsən Salmanov küçəsindəki avtoyuma məntəqəsində də qanunsuz qoşulma aşkarlanıb. Eyni zamanda Xətai rayonu ərazisində yeni tikilmiş bəzi fərdi evlərdə də sudan qanunsuz istifadənin qarşısı alınıb. Aşkar edilmiş qeyri-qanuni birləşmələr ləğv edilib və və dəymiş ziyan hesablanıb.
2021-ci ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 11 646, Xətai rayonu üzrə isə 92 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 3 202 min kubmetr, Xətai rayonu üzrə isə 26 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
"Sudan qanunsuz istifadə edən əhalini və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə ilin əvvəlindən qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub", - deyə qurum bəyan edib.