“Azərsu” ASC Bakının Binəqədi rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırmaq üçün yeni layihənin icrasına başlayıb.
“Report”un “Azərsu”ya istinadən verdiyi məlumata görə, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.
Son illər əhalinin sıx məskunlaşdığı hər iki küçənin bir hissəsinin relyef baxımından çökəklikdə yerləşməsi, ərazidəki mövcud kanalizasiya xətlərinin fərdi qaydada əhali tərəfindən çəkilməsi, eləcə də bəzi yerlərdə tullantı sularının üstü açıq arxlar vasitəsi ilə axıdılması ərazidə ciddi problemlər yaradır. Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə layihə hazırlanıb və yeni infrastrukurun qurulmasına başlanılıb. Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur. Ardinca ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək.
2 000-ə yaxın evi əhatə edəcək yeni layihənin icrasının növbəti yağış mövsümünə qədər başa çatdırılması planlaşdırılır. Tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.