BNA: "Paytaxtda marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb"

BNA: "Paytaxtda marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb" Bakı Nəqliyyat Agentliyi (BNA) iyul ayında fəaliyyətinin icmalını açıqlayıb.
İnfrastruktur
11 Avqust , 2021 16:53
BNA: Paytaxtda marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) iyul ayında fəaliyyətinin icmalını açıqlayıb.

"Report"un məlumatına görə, sənəddə deyilir ki, ay ərzində həm sərnişindaşımaların, həm də hərəkətin təşkili istiqamətlərində vətəndaşların rahatlığının təmin edilməsi baxımından əhəmiyyətli tədbirlər görülüb.

Sərnişindaşımaların təşkili, bu sahədə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə iyul ayı daha məhsuldar olub. Ayın ilk on günlüyündə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş Türkiyə Respublikasının İzmir şəhərinə səfər edərək “BMC Otomativ Sənaye Ticarət” şirkətində paytaxtımız üçün istehsal edilən avtobuslara sınaq baxışı keçirib. Xatırladaq ki, Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Avtobusların 170 ədədi 9, 150-si isə 12 metrlikdir.

Vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq son bir ayda 6 müntəzəm marşrut xətti optimallaşdırılıb. Bunlar 169, 177, 206, 39, 70 və 162 №-li marşrut xətləridir. Ötən ay həmçinin 1 (211 nömrəli) marşrut xətti üzrə sərnişindaşımalar BakuBus MMC-yə həvalə edilib.

Ay ərzində marşrut xətlərinin nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər də davam etdirilib. Bu müddətdə 62, 92, 211 və 217 №-li marşrut xətləri üzrə də gediş haqqının ödənişi BakıKart vasitəsi ilə ödənməsi təmin edilib. Bununla da ümumilikdə marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb. İyul ayında paytaxtda hərəkətin təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 4 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılıb və təhlükəsiz tədbirləri görülüb. 346 yol nişanı quraşdırılıb. 3 məntəqədə taksi duracaq yeri təşkil edilib. 2 küçədə eyni səviyyəli piyada keçidi təşkil edilib. 23 küçədə isə mövcud piyada keçidləri yenilənib. 4 avtobus dayanacağı və məntəqəsi təşkil edilib. Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyi, rahatlığı və əlçatanlığı təmin edilib, orta hərəkət sürəti isə artıb. Hərəkətin təşkili sahəsində görülən ən vacib tədbirlərdən biri də 2 km uzunluğunda velosiped yolunun istifadəyə verilməsidir. Velosiped yolu Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirir. İyul ayında vətəndaş müraciətləri də xüsusi diqqətdə saxlanılıb. 1256 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 35%-i icradadır, 65%-i isə icra olunaraq cavablandırılıb. “ALO 141” çağrı mərkəzi vasitəsi ilə cavablandırılan müraciətlərin sayı isə 5 856-dır.

Son xəbərlər

Orphus sistemi