2022-ci ildə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) konteyner aşırılması 2021-ci illə müqayisədə 1,5 dəfə çox ola bilər.
Bunu “Report”a müsahibəsində"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
"Yükaşırma ilə bağlı 2022-ci il üçün proqnozumuz geosiyasi vəziyyət dəyişməmişdən əvvəl 48-50 min konteyner (TEU) idi. Geosiyasi vəziyyət dəyişdiyindən bu rəqəmin 2021-ci illə müqayisədə 2 dəfə çox olması imkanı var. Hələ ki, Orta Dəhlizlə (Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) gözlənilən yüklər tam olaraq gəlməyib, ilkin yüklər, blok qatarlar gəlməyə başlayıb. Yüklər tam gəlsə, konteyner daşınmasında 1,5 dəfə artım gözlənilir”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Limanın bərə terminalında da bu il böyük həcmdə yük aşırılması gözlənilir: “Ötən il 30 min vaqon aşırmışdıq, bu il isə bu göstəricinin ən az iki qatına çıxarılması ehtimalı var. Bu ehtimal böyükdür, çünki Azərbaycan yüdaşıma üçün ən yaxşı alternativ ərazidir. Hər zaman bizdən (Orta Dəhlizdən) keçməyən, Şimaldan keçən ilkin yükləri artıq aprel ayında aşırmışıq. Bununla yanaşı, yükdaşıma şirkətləri vəziyyətin necə olacağını gözləyirlər. Ənənəvi Şimal dəhlizi ilə yük daşınıb, logistik həllər qurulub. Burda problemlər olub, onların həll olunub, yüklər uzun illər bu istiqamətdən daşınıb. Yeni dəhliz yeni imkanlar, yeni logistik həllər yaradır. Orta Dəhlizdə oyunçularla danışıqlar, tarif siyasəti, müqavilələr bağlanıldıqdan sonra yükdaşıyanlar bu istiqamətə yönələcəklər".
X.Həsənli deyib ki, Şimal dəhlizindən gedən yüklər bizim potensialımızın üzərindədir. Orta və uzunmüddətli dövrdə potensialımızı artırmaqla, optimal logistik həllər tapmaqla bu yükləri hissə-hissə Orta Dəhlizə cəlb etməyə çalışacağıq: "Bu yüklərin cəlbi üçün doğru logistik həllər, stabil logistik xidmət, gecikmədən yüklərin daşınması və ötürülməsi vacibdir ki, gələcəkdə burda davamlılığı təmin edək. Elə bir logistika qurulmalıdır ki, bu dəhlizə yönələndən sonra stabilliyi, təminatı görüb, problem həll edilsə də gələcəkdə bu dəhlizdən qaçmasınlar. Məqsəd Orta Dəhlizin sabitliyini təmin edib, bu dəhlizə cəlb ediləcək yüklərin davmlılığını təmin etməkdir”.
X.Həsənli ilə müsahibəni tam şəkildə yaxın vaxtlarda "Report"da oxuya bilərsiniz.