“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisindəki "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları vasitəsilə ərazinin su təminatı yaxşılaşdırılacaq".
“Report” xəbər verir ki, bunu Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
“Xudafərin” su anbarının 1,6 milyard kubmetrdən çox su tutumu var. Ondan 13 km aşağıda isə “Qız Qalası” su anbarı yerləşir, su tutumu 62 milyon kubmetrdir. Bu anbarlarda elektrik enerjisinin istehsalı da nəzərdə tutulur. O cümlədən 100 meqavat enerji “Xudafərin”dən, 40 meqavat enerjinin isə “Qız Qalası”ından istehsalı nəzərdə tutulur. Bu su anbarları eyni zamanda suvarma üçün çox önəmlidir. “Xudafərin” su anbarı tikilib başa çatdırılandan sonra 250 min hektardan çox sahənin su təminatı yaxşılaşacaq. “Qız Qalası” su anbarından isə saniyədə 50 kubmetr axını olan yeni kanalın çəkilməsi nəzərdə tutulur, bununla da Cəbrayıl rayonu ərazisində 12 min hektar sahədə suvarma həyata keçiriləcək”, - deyə o qeyd edib.