Özbəkistan və Türkmənistan Çin - Qırğız Respublikası - Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa marşrutu ilə yükdaşımalar üçün daha əlverişli şərait yaratmaq niyyətindədir.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu məsələ iki ölkənin nəqliyyat işçi qrupunun videoformatda keçirilən iclasında müzakirə olunub.
Görüşdə Özbəkistan nəqliyyat nazirinin müavini Əbdüsəməd Möminov və “Türkməndəmiryolları” Dövlət Agentliyinin sədri Azad Atamuradov iştirak ediblər.
Özbəkistan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüşdə nəqliyyat və logistika əməkdaşlığının inkişafı, o cümlədən Özbəkistan - Türkmənistan - İran - Oman tranzit nəqliyyat dəhlizinə dair Aşqabad sazişi çərçivəsində işlərin sürətləndirilməsi müzakirə olunub. Həmçinin pandemiyaya görə bağlanmış sərhəd buraxılış məntəqələrinin yenidən işə salınması da gündəmə gətirilib.
Xatırladaq ki, Asiya - Pasifik ölkələrini Orta Asiya və Qafqaz vasitəsilə Avropaya bağlayan beynəlxalq multimod nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə dair 2019-cu ildə Daşkənd sazişi imzalanıb.