Dəmir yollarındakı yeniliklər ölkənin tranzit potensialını necə artırdı?

Dəmir yollarındakı yeniliklər ölkənin tranzit potensialını necə artırdı? Mövzunu deputat Vüqar Bayramov və sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov şərh edir.
İnfrastruktur
31 Avqust , 2020 10:24
Dəmir yollarındakı yeniliklər ölkənin tranzit potensialını necə artırdı?

Son beş ildə ölkənin dəmir yollarında hansı dəyişikliklər baş verdi? Azərbaycan tranzit potensialını son illər necə artırdı və bu potensialın artırılması istiqamətində hansı işlər görülür? Ölkənin dəmir yollarının fəaliyyəti ölkə iqtisadiyyatına nə kimi fayda verir? Mövzunu deputat Vüqar Bayramov və sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov şərh edir.

Vüqar Bayramov
Vüqar Bayramov

Deputat  hesab edir ki, Azərbaycan dəmir yollarının infrastrukturunun genişləndirilməsi ölkə üçün prioritet məsələdir: “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın regionda mövqeyinin artmasına səbəb olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin son illər  infrastrukturunun genişləndirilməsi ilə bağlı dövlət büdcəsindən artırılan vəsaitlərin optimallaşdırılması müşahidə edilir. BTQ Azərbaycan dəmir yolu sisteminin daha geniş şəbəkəyə inteqrasiyanın və gələcəkdə Türkiyə vasitəsilə Avropaya inteqrasiyasına  imkan yarada bilər. Bu baxımdan BTQ  dəmir yolu xəttinin istifadəyə verilməsi iqtisadiyyatımızda həlledici hadisələrdən biri  idi”.

Dəmir yolunda elektron xidmətlərin tətbiqi Azərbaycan üzərindən daşınan yüklərin həcminin artırır

V.Bayramovun sözlərinə görə, 2015-ci ildən  ölkənin dəmir yollarında elektron xidmətlərdən daha çox istifadə edilməsi və şəffaflığın artırılması ilə bağlı fəaliyyətlər genişlənib: “Elektron xidmətlərin istifadə edilməsi Azərbaycan üzərindən daşınan yüklərin həcminin artımına təsir göstərdi. Bir tərəfdən Azərbaycan, Gürcüstan, Qazaxıstan vahid tariflərin tətbiqi ilə bağlı razılıq əldə ediblər. Bu da beynəlxalq yükdaşımaların həcminin artımına səbəb olacaq.

Bununla yanaşı, Xəzər dənizində Ro-Ro  terminallarının istifadəyə verilməsi Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olur. Bu dəmir yolu xətti qeyri-neft sektorunda beynəlxalq yükdaşımalarda əldə edilən gəlirlərin artırılması baxımından vacibdir. Qeyri-neft sektorundan daxil olan vəsaitlərin həcminin artmasına səbəb olur. Dəmir yolları infrastrukturu həm də yerli sahibkarların öz məhsullarını xarici bazarlara çıxarılması baxımdan əhəmiyyətlidir, xüsusən BTQ vasitəsilə Avropa bazarlarına çıxarılması imkanı var. Bu baxımdan növbəti mərhələdə dəmir yolu infrastrukturunun daha da inkişaf etdirilməsi, ixrac  imkanlarının genişləndirilməsi baxımından vacib hesab edilir.  Dəmir yolu infrastrukturunun genişləndirilməsi qeyri-neft sektorunun stimullaşdırılmasına xidmət edəcək". 

V.Bayramov BTQ  dəmir yolu xətti ilə sərnişin  daşınmasının post-pandemiya dövründə ölkənin turizminin canlandırılmasına töhfə verəcəyini vurğulayıb: “BTQ ilə sərnişin daşınmaya başlanılması  Azərbaycan turizmi üçün əhəmiyyətli hesab edilir. BTQ-nın turizm maşrutuna çevrilməsi ilə bağlı ideyalar var. Daha çox turistin cəlbi post pandemiya dövründə prioritet məsələlərdən biridir”.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-iyul ayları ərzində 8,3 milyon ton yük daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,7% artım müşahidə edilib. Orta hesabla sutkada 313 vaqon yüklənmiş, 373 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,1 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Hesab edirəm ki, BTQ-dən daha məharətlə istifadə etmək lazımdır

İqtisadçı ekspert Fikrət Yusifov hesab edir ki, Azərbaycan üzərindən tranzit yükdaşımaların dəmir yolları vasitəsilə daşınmasının iqtisadi cəhətdən  əhəmiyyəti böyükdür:"Lakin tariflərin münasib qiymətə təklif edilməsi çox vacib amillərdəndir. Tarif məsələsi rəqabətdə ən həlledici rola malikdir. Bu bazarda elə tarif siyasəti olmalıdır ki, tərəflər Azərbaycan üzərindən yüklərin daşınmasında maraqlı olsunlar. Hər kəs  uyğun tariflərlə yükdaşıma həyata keçirmək istəyir. Yükdaşımalarda tariflər və təminat məsələsi önəmlidi. Bu iki məsələyə görə daha çox yüklərin Azərbaycandan daşınması mümkündür. BTQ dəmir yolu Şərqlə Qərbi birləşdirən vasitədir.Hesab edirəm ki, BTQ-dən daha məharətlə istifadə etmək lazımdır”.

 Fikrət Yusifov
Fikrət Yusifov

Ölkənin dəmir yollarında şirkətlər də cəlb edilməlidir

Ekspert qeyd edib ki, ölkə daxilində dəmir yolu vasitəsilə yüklər daşınır: " Lakin əsas  beynəlxalq yükdaşımalara köklənmək lazımdır. Bununla yanaşı, ölkənin dəmir yollarında yeni şirkətlərin fəaliyyəti bu sahədə böyük irəliləyişlərə səbəb ola bilər. Dünyada dəmir yollarında beynəlxalq şirkətlər cəlb edilir”.

F.Yusifov əlavə edib ki, son illər dəmir yollarında çox işlər görülüb və yeniliklər edilib: “Yükdaşımalarda pozitiv dəyişikliklərin olması qaçılmazdır. Bütövlükdə sərnişin daşınmasında müsbət nəticələr əldə edilib. Xüsusilə, Bakı-Sumqayıt qatarının açılması, Bakı Dairəvi dəmir yolu xəttinin tam fəaliyyət göstərməsi, Bakı- Gəncə qatarında Stadler qatarının fəaliyyəti xüsusilə qeyd edilməlidir. Düşünürəm ki, yükdaşımalarda da irəliləyişlər var”.

Xatırladaq ki, ölkədə 2016-cı ilin yanvar-iyul aylarında dəmir yolu ilə yükdaşıma ümumi yük daşımanın 12%-ni, 2017-ci ilin yanvar-iyul aylarında 17%-ni, 2018-ci ilin yanvar-iyul aylarında 14%-ni, 2019-cu ilin yanvar-iyul aylarında 12%-ni, 2020-ci ilin yanvar-iyul aylarında 12% təşkil edib.

Son xəbərlər

Orphus sistemi