"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də, sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə "Əkin sahələrinin su təminatı" mövzusunda növbəti videokonfrans keçirilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, videokonfransda səhmdar cəmiyyətinin aidiyyəti şöbə müdirləri və mütəxəssisləri iştirak edib, Yuxarı Qarabağ kanalından götürülən sularla əkin sahələri suvarma suyu ilə təmin edilən rayonların istismar idarələrinin rəhbər işçiləri ilə su bölgüsü ilə bağlı müzakirələr aparılıb.
Z.Quliyev həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanaraq, onların icrasına başlanılıb.