"Ələt Azad İqtisadi Zonasını (AİZ) genişləndirmək planlaşdırılır. Tikinti işlərinin bu ilin iyul ayında tamamlanması gözlənilir".
“Report” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin (İH) sədri Valeh Ələsgərov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
“Ələt AİZ rəqabətədavamlı mühit və şirkətlərin cəlb edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Məqsədimiz Azərbaycanda biznes investisiyaları üçün ən münbit şərait yaratmaqdır”, - Valeh Ələsgərov deyib.
İH sədri Ələt Azad İqtisadi Zonasının investisiya imkanları haqqında danışıb.
O qeyd edib ki, bu zonanın üstünlükləri sırasına əlavə dəyər vergisindən, həmçinin idxal və ixrac əməliyyatları zamanı gömrük rüsumlarından, xarici ixtisaslı kadrlar üçün sosial təminat və oxşar vergilərdən azad olma daxildir.
Valeh Ələsgərovun sözlərinə görə, Ələt AİZ-də zonanın rezidentləri və onların biznesinin gələcək inkişafı üçün ən yüksək səviyyəli biznes mühiti yaradılıb.