Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bir neçə proseduru sadələşdirməsi ilə Orta Asiya ilə Türkiyə arasında olan dövriyyənin yarıdan çox hissəsi buradan keçə bilər.
“Report” Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) istinadən xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Türkiyə və Yaxın Şərq üzrə daimi nümayəndəliyinin rəhbəri Erman Ereke Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndə heyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Xəzər Dəniz Gəmiçiliyinin rəsmilərinin iştirakı ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə ilə Orta Asiya ölkələri arasında orta hesabla illik 110-120 min TIR dövriyyəsi var: "Bu dövriyyə də artmaqdadır".
E.Ereke Zəngəzur koridorunun açılmasının bütün region üçün faydalı olacağını bildirib: "Bu marşrut alternativ və yeni istiqamət olduğundan yükdaşımaların həcminə kifayət qədər təsir edə bilər.
Zəngəzur dəhlizi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin tam kəsişmə məntəqəsi sayılır. Bu dəhlizin işə düşməsi ilə Türkiyə üzərindən İraq, Suriya və Aralıq dənizinin cənub limanlarından yükdaşımların həcmi artacaq".
Görüşdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqının (BSEC-URTA) prezidenti Mehmet Uylukcu deyib ki , mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat koridorlarının işlənməsi prossesində Azərbaycan strateji ölkəyə çevrilib.
Bildirilib ki, səfərin əsas məqsədi Azərbaycanın mövcud nəqliyyat-loqistika imkanlarını müzakirə etmək, Azərbaycan üzərindən yükdaşımaların icrası üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq olub.
M.Uylukcunun sözlərinə görə, “Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Azərbaycana bütün lazımı dəstəyi görtərməyə hazırdır:
“Hazırda əsas hədəflərdən biri elektron xidmətlərin Azərbaycanda tətbiqi edilməsidir ki, bu səfərimizdə də bunula bağlı müzakirələr aparıldı. Təminatlı yükdaşımaların təşkili üçün isə ABADA ilə strateji əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.
Səfər çərçivəsində ABADA ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqı arasında yeni təminat sistemin tam tətbiqi ilə bağlı razılıq əldə edilib. Rəsmi görüşlərdən sonra nümayəndə heyəti Rusiya ilə sərhəd-keçid məntəqələrinə baş çəkiblər.