“Zərifə Əliyeva” gəmi-bərənin layihəsi 3 ildən bir az çox müddətə ərsəyə gəlib
"Report" xəbər verir ki, bu barədə Bakı Gəmiqayırma Zavodunun layihə idarəetmə şöbəsinin müdiri Fuad Mədətov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “Zərifə Əliyeva” Ro-Pax tipli gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Azərbaycan” Ro-Pax tipli gəmi-bərə ilə eynidir.
F. Mədətov bildirib ki, gəmi-bərə ilə eyni anda 100 nəfər sərnişin, 56 ədəd sistern tipli vaqon və ya 50 ədəd yük avtomobili/TİR daşımaq mümkündür: “Bu göstəricilərə görə sözügedən Ro-Pax tipli bərələr Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən üstündür. 30 nəfər heyət üzvü ilə idarə olunan gəmi-bərənin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, sürəti isə 14 uzel (yəni, saatda 14 dəniz mili) təşkil edir”.
O qeyd edib ki, dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin stabilləşdirilməsi sistemi, dartıcı lokomotivlər mövcuddur.