Bu ilin I yarısında Gürcüstan dəmir yolları vasitəsilə daşınan yüklərin həcmi 5 milyon 462,4 min ton təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.
İllik müqayisədə yüklərin həcmi 7,6% artıb.
Yanvar-iyunda yük daşımalarının böyük həcmi – 54,1%-i tranzitin payına düşüb. Tranzit daşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19,2% artaraq 2 milyon 953,3 min tona bərabər olub.
İdxal üzrə daşımalar 1 milyon 236,6 min ton (+1,2%), ixrac üzrə isə 543,2 min ton (-9,2%) təşkil edib.
Hesabat dövründə dəmir yolu vasitəsilə neft və neft məhsullarının nəqli 0,4% artaraq 1 milyon 461,1 min ton olub. Bu məhsullar ümumi yük daşımalarında 26,7% paya sahib olub.
Konteyner daşımalarında da artım qeydə alınıb. Belə ki, bu növ daşımalar 9,1% artaraq 40,295 min TEU təşkil edib.