Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4 saat azalacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib.
Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması üçün tələb olunan orta vaxt 4 saat azalacaq.
Ötən il “Gürcüstan dəmir yolları” SC ilk dəfə olaraq London Fond Birjasında “yaşıl” istiqrazlar yerləşdirib və cəlb olunan vəsaitlərin həcmi 500 milyon ABŞ dolları təşkil edib. ADB 50 milyon ABŞ dolları ayırmaqla sövdələşmənin əsas tərəfdaşlarından biri kimi çıxış edib.
Gürcüstan dəmir yolları şəbəkəsinin modernləşdirilməsi nəticəsində illik yük daşımalarının həcmi 2024-cü ildə 27 milyon tondan (2020-ci ildə) 48 milyon tona qədər artacaq.