Bu gün "Qazaq Air” şirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Bu barədə "Report"a hava limanının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək. Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Bu marşrut üzrə uçuşlar 86-ya qədər sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan “De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir. Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.