İşğaldan azad olunan ərazilərdə hansı sənaye məhəllələri yaradıla bilər?

İşğaldan azad olunan ərazilərdə hansı sənaye məhəllələri yaradıla bilər? Burada həm kənd təsərrüfatının, həm sənayenin, həm də turizmin inkişafı üçün böyük potensial mövcuddur.
İnfrastruktur
9 Dekabr , 2020 12:44
İşğaldan azad olunan ərazilərdə hansı sənaye məhəllələri yaradıla bilər?

İşğaldan azad olunmuş ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm də turizmin inkişafı üçün böyük potensial mövcuddur.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, təkcə bu bölgədə əkinə yararlı torpaqların həcmi 200 min hektardan çoxdur: “Vaxtilə, işğala qədər olan dövrdə bütövlükdə Qarabağ bölgəsi Azərbaycan kənd təsərrüfatı istehsalının təxminən 20 faizini təşkil edirdi. Bizim ət və süd məhsullarının 13 faizi həmin ərazilərdən gəlirdi”.

Turizm büdcəmizə əlavə gəlir gətirəcək

Millət vəkili deyir ki. eyni zamanda nəzərə almaq lazımdır ki, bu bölgədə sənaye potensialı da böyükdür. O qeyd edib ki, orada qiymətli əlvan metallar – qızıl, mis və digər əlvan metallar yataqları mövcuddur: “Bunun üçün də düşünürəm ki, Azərbaycanın bu gün yeraltı metal və əlvan metal yataqlarının işlənməsi ilə bağlı təcrübəsi var. “Azergold” şirkəti bununla bağlı müxtəlif layihələr həyata keçirib. Düşünürəm ki, həmin ərazidə sənayenin inkişaf etdirilməsi ilə bağlı, resursların əldə olunması və bu resurslardan yeni hazır məhsulların hazırlanmasına qədər olan bir siklin təşkil edilməsi bölgədə sənayenin inkişafı üçün mühüm əhəmiyyət kəsb edərdi”.

T. Mirkişili deyir ki, kənd təsərrüfatı üçün aqroparkların yaradılması da Azərbaycanın əldə etdiyi böyük bir təcrübədir: “Ümumiyyətlə, deyərdim ki, Azərbaycan son 10 il ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı mühüm təcrübə əldə edib. Bu, həm sənaye parklarıdır, həm aqroparklardır, həm kənd təsərrüfatında və sənayedə innovasiyaların tətbiqidir. Onun üçün də bizim əldə etdiyimiz təcrübə və biliyi tətbiq etməklə bölgədə çox sürətli inkişafa nail olmaq şansına sahibik”.

O qeyd edib ki, həmin bölgədə indiyə qədər özəlləşdirmə aparılmayıb: “Çünki özəlləşdirmə aparılan zaman bölgə işğal altında olub. Bölgədə torpaqların paylanılması, torpaqların özəlləşdirilməsi ilə bağlı qarşıda ciddi işlər durur. Amma ümumilikdə düşünürəm ki, ərazidə böyük həcmdə əkinə yararlı, eyni zamanda kənd təsərrüfatında heyvandarlığın inkişafı üçün mühüm resurslar olduğundan, bu istiqamətdə kənd təsərrüfatı sahəsində də layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur”.

Qarabağ Universiteti yaradısın!

Millət vəkilinin fikrincə bölgənin inkişaf etdirilməsi üçün üçüncü istiqamət turizm olmalıdır: “Düzdür, hazırda pandemiya səbəbindən ölkələr arasında gediş-gəliş istənilən halda məhdudlaşdırılıb. Amma bu daimi ola bilməz. Qarabağ Azərbaycanın hər zaman turist cəhətdən baxsaq ən iri və gözəl potensialı olan bölgəsidir. Son illər Azərbaycan turizmin inkişafı üçün çox mühüm təcrübə əldə edir. Düşünürəm ki, bu təcrübənin də həmin bölgədə tətbiq olunması böyük miiqdarda daxili və xarici turistin Qarabağa gəlməsinə və bizim də Azərbaycanın dövlət büdcəsinə ciddi şəkildə gəlir əldə etməsinə imkan yarada bilər. Bu istiqamətlər bölgənin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edər”.

Komitə sədri vurğulayıb ki, Qarabağ bölgəsinin inkişafı üçün dördüncü istiqamət də mövcuddur. O qeyd edib ki, bu gün belə bir təkliflər var ki, bölgənin inkişafı üçün bölgədə böyük bir Qarabağ Universitetinin yaradılmasına ciddi ehtiyac var: “Çünki, əhalinin bu gün innovasiyalarla məşğul olması və eyni zamanda bölgə əhalisinin məşğulluğunun təmin edilməsi üçün təhsilin yeni müasir metodlardan istifadə etməsinə ciddi ehtiyac var. Bu, böyük ehtimalla gələcəkdə “Rəqəmsal Qarabağ” (Digital Karabakh) platformasının inkişaf etdirilməsi, xidmətlərin elektronlaşması və bölgədə yerləşən əhalinin Qarabağ Universitetində oxumaqla çox ciddi şəkildə startap ideyalarının formalaşmasına da imkan yarada bilər”.

Son xəbərlər

Orphus sistemi