Hazırda Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni İpək Yolu olması üçün Türkiyə daxilində şərq-qərb və şimal-cənub istiqamətlərində çatışmayan nəqliyyat əlaqələrini tamamlayacaq layihələr həyata keçirilir.
“Report” Türkiyə mətbuata istinadən xəbər verir ki, bunu bu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
A. Uraloğlu qeyd edib ki, bu kontekstdə Asiya, Avropa və Yaxın Şərqi birləşdirəcək “Bir kəmər, bir yol” layihəsi Türkiyə üçün çox mühüm fürsət hesab edilir: "Londondan Pekinə uzanan “Dəmir İpək Yolu”nun reallaşdırılması bizim əsas hədəflərimizdən biridir.”
Nazir vurğulayıb ki, Türkiyədə hazırda 4 % olan dəmir yolu daşımalarının payını, 2029-cu ildə 11 %-ə, 2053-cü ildə isə 22 %-ə yüksəldilməsi gözlənilir: "Bununla da, 2053-cü ilə qədər Türkiyədə yük daşımalarında dəmiryollarının payı 7 dəfə artacaq. Bundan başqa, beynəlxalq yük daşımalarında dəmir yollarının payını 10 dəfə artırmağı hədəfləyirik. Ümumilikdə son 21 ildə dəmir yollarına təxminən 880 milyard lirə (32,359 milyard ABŞ dolları) investisya qoymuşuq".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.