Neftçalada icra olunacaq yeni içməli su layihəsinin təqdimatı olub

Neftçalada icra olunacaq yeni içməli su layihəsinin təqdimatı olub Təqdimat Neftçala Rayon İcra Hakimiyyətində baş tutub
İnfrastruktur
19 Aprel , 2021 17:55
Neftçalada icra olunacaq yeni içməli su layihəsinin təqdimatı olub

Neftçala Rayon İcra Hakimiyyətində rayonun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC-nin icra edəcəyi yeni layihənin təqdimatı olub.

“Report”un “Azərsu”ya istinadən verdiyi məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov əhalinin su təchizatında yaranmış çətinliklər barədə məlumat verib.

O qeyd edib ki, rayon ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizi suyunun çay boyunca əks istiqamətdə axması əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Ötən müddətdə əhalinin içməli su ilə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

“Azərsu”yun sədr müavini Etibar Məmmədov bildirib ki, ölkə Prezidentinin 11 dekabr 2019-cu il tarixli sərəncamının icrası çərçivəsində “Azərsu” Salyan şəhərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral su xətti və tutumu 7 500 kubmetr olan su anbarı inşa edib. 2020-ci ilin noyabr ayından Neftçala şəhərinin sakinləri keyfiyyətli içməli su ilə təmin olunur. Rayonun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda yeni layihənin icrasına başlanılacaq.

“Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov yeni layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Təqdimat zamanı qeyd olunub ki, Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində icra olunacaq layihə 12 yaşayış məntəqəsini əhatə edir. Bu kəndləri içməli su ilə təmin etmək üçün 11 km uzunluğunda magistral və ümumi uzunluğu 15,5 km olan paylayıcı su xətləri çəkilərək modul sutəmizləyici qurğulara suyun verilişi təmin olunacaq.

Tədbirdə Neftçala şəhərinin və kəndlərin su təchizatında mövcud vəziyyət, modul tipli su təmizləyici qurğuların su təminatı, ümumi istifadə üçün quraşdırlmış bulaqların və su çənlərinin mövcud vəziyyəti, sudaşıyan maşınlarla suyun daşınması və s. məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi