Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsi aktivləşdiriləcək

Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsi aktivləşdiriləcək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan hissəsinin aktivləşməsi gözlənilir.
İnfrastruktur
25 İyun , 2024 15:58
Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsi aktivləşdiriləcək

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda keçən hissəsinin aktivləşdirilməsi hədəflənir.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, bütövlükdə Orta Dəhlizin effektivliliyinin artırılması hədəflənir: “Əsas niyyətimiz Orta Asiya bazarına fokuslanmaqdır. Bu ay Özbəkistana və Tacikistana səfərlər planlaşdırılır".

R.Rüstəmov vurğulayıb ki, Orta Dəhlizin Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə hissəsində işlər tamamlanıb və bu istiqamət sürətli işləyir: “Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistan hissəsi nisbətən az işlənir və bir az passivdir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti çəkiləcək. Çinin bu dəmir yoluna böyük məbləğdə investisiya yatırması gözlənilir. Bu xətt birləşəndən sonra Çindən gələn yük Qırğızıstana keçəcək, daha sonra Özbəkistana, Türkmənistana və dəniz yolu ilə Avropaya göndərəcək. Çin bu yolu açmaqla Qazaxıstan və Rusiya istiqamətində alternativ yaratmaq istəyir".

Çin-Qırğızıstan-Özbəkistan xəttinin ümumilikdə 4,7 milyard ABŞ dollarına başa gələcəyi gözlənilir. Qırğızıstan dəmir yolu rəsmilərinin sözlərinə görə, Çin layihənin xərclərinin 51%-ni qarşılayacaq, 2,3 milyard ABŞ dolları kredit ayıracaq. Qırğızıstan və Özbəkistan isə layihənin xərclərinin qalan 49 %-ni maliyyələşdirməli olacaqlar. Nəticədə, iki ölkənin hər biri 783 milyon ABŞ dolları vəsait yatırmalıdır.

Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndəriləcək.

Son xəbərlər

Orphus sistemi