Azərbaycanla Polşa arasında mayın 28-dən həyata keçiriləcək Varşava-Bakı-Varşava marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə yerinə yetirləcək.
"Report" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Məlumata görə, bu gün AZAL-ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə Polşanın LOT aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal Milçarskinin (Rafal Milczarski) başçılıq etdiyi Polşa nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. Aviaşirkətin ofisində keçirilən, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə tərəflər əməkdaşlığın perspektivlərini müzakirə edib, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildiriblər.
C.Əsgərov ölkənin bütün beynəlxalq hava limanında 5-ci və 7-ci dərəcəli “hava azadlığı” rejiminin tətbiq olunduğunu xüsusilə xatırladıb: "Bu hava azadlığı dərəcələri xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir, Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir".
R.Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.
Görüşün sonunda qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə, təyyarələrə göstərilən yerüstü xidmət, müxtəlif xidmətlərinin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait nümayiş etdirilib.