Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir - REPORTAJ

Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir - REPORTAJ Sabirabad rayonunun Qalağayın kəndinin ikiminlik əhalisi uzun müddətdir su problemindən əziyyət çəkir.
İnfrastruktur
29 İyun , 2024 12:21
Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir - REPORTAJ

Sabirabad rayonunun Qalağayın kəndinin ikiminlik əhalisi uzun müddətdir su problemindən əziyyət çəkir.

Bu barədə “Report”un Aran bürosuna Qalağayın kəndinin sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, iki il bundan əvvəl rayonun Qalağayın kəndində su problemi kəskinləşəndə, əhalinin təkidi ilə ərazidən keçən su kanalında nasos quraşdırılıb. Əhali kəndə həmin nasosdan ötürülən sudan həm məişət, həm də suvarma məqsədilə istifadə edib. Amma ötən ilin noyabrında nasosdan istifadə nəticəsində yaranan elektrik enerjisi borcunun təqribən 14 min manata çatması səbəbindən nasosun enerji təchizatı dayandırılıb. O gündən kəndin su problemi yenidən aktuallaşıb.

“Ağaclarımız, həyət-bacamız susuzluqdan yanır. Heç nə əkə bilmirik. Çoxsaylı müraciətlərimiz nəticəsiz qalır. Dövlətdən xahiş edirik, kəndimizin su problemi aradan qaldırılsın. İnanın, çox əziyyət çəkirik”, - kənd sakini Elşən Nəzərov bildirib.

Kənd sakini Şahin Bağırov deyib ki, kənddə iki il əvvəl quraşdırılan su motorundan yalnız bir il istifadə edə biliblər:

“Ötən il elektrik sayğacını motordan ayırdılar. Kəndin icra nümayəndəsi və bələdiyyə sədri bizə dedilər ki, motora görə 14 min 600 manat borc yığılıb. Ancaq biz sakinlər istifadə etdiyimiz suyun pulunu həmişə ödəmişik. Qanunda göstərilib ki, bu qəbildən olan borcların 85 faizi dövlətin ayırdığı dotasiya hesabına, 15 faizi isə rayon suvarma idarəsi tərəfindən ödənilməlidir. Buna baxmayaraq, motoru elektrik xəttindən ayıraraq bizi yenə susuz qoydular”.

Sakinlər onu da bildiriblər ki, hazırda istifadəsiz qalan su nasosunu öz balansına salmaq istəyən qurum olmadığı üçün vəziyyət gəlib bu həddə çatıb.

Məsələ ilə bağlı “Report”un yerli bürosunun sorğusunu cavablandıran Sabirabad Rayon Suvarma Sistemləri İdarəsinin şöbə rəisi Adil Şabanlı haqqında danışılan problemin onlara aid olmadığını deyib:

“Həmin nasos bir neçə il əvvəl yerli qurumlarla vətəndaşların müraciətindən sonra bizim idarənin razılığı əsasında Hüsü Hacıyev kanalının üzərində quraşdırıldı. Lakin o nasos Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında deyil. Ona görə də nasosun istismarı və ona xidmət göstərilməsi vətəndaşların, yaxud da digər aidiyyəti qurumların üzərinə düşür. Bildiyim qədər, o nasosun istismarı elektrik enerjisi borcuna görə dayandırılıb. Yenə deyirəm, o problem bizə aid deyil”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsi Sabirabad Elektrik Şəbəkəsindən “Report”un yerli bürosuna bildirilib ki, o vaxt susuz qalan camaatı vəziyyətdən çıxarmaq üçün tapşırıq əsasında müəyyən işlər görülüb. Lakin su nasosu qurumun balansına keçirilməyib. Eyni zamanda, elektrik sayğacının da kodu, texniki şərti yoxdur. Bu səbəbdən, su nasosunun elektrik təchizatı dayandırılıb. Digər tərəfdən, borc varsa belə, su motorunun abunəçi kodu olmadığından, yığılmış borcun ödənilməsi də mümkün deyil.

Sabirabad Rayon İcra Hakimiyyətindən isə “Report”un yerli bürosuna bildirilib ki, bəhs olunan su nasosunun balansa götürülməsi ilə bağlı tədbirlər görülür. Bununla əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinə rəsmi müraciət göndərilib və onun nəticəsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi