Rumıniyada Orta Dəhlizin imkanları müzakirə olunacaq

Rumıniyada Orta Dəhlizin imkanları müzakirə olunacaq Bu gün Rumıniyanın Konstansa şəhərində “Black and Caspian Sea Ports Logistics 2024” sərgi və konfransı işinə başlayacaq.
İnfrastruktur
2 İyul , 2024 10:32
 Rumıniyada Orta Dəhlizin imkanları müzakirə olunacaq

Bu gün Rumıniyanın Konstansa şəhərində “Black and Caspian Sea Ports & Logistics 2024” sərgi və konfransı işinə başlayacaq.

“Report” xəbər verir ki, tədbirin təşkilatçıları “Konstansa” limanı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM) və Konstansa Limanı Biznes Assosiasiyasıdır.

İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, alimlər və s. iştirak edəcək.

Dünya səviyyəli 30 spikerin iştirak edəcəyi tədbirin konfrans proqramı qlobal və regional ticarət, investisiya ilə bağlı aktual problemlərə və çağırışlara həsr olunacaq.

Forumda həmçinin, Orta Dəhlizdə gübrə ticarəti üçün yeni logistik həll yolu kimi Xəzər və Qara dəniz limanlarının və Orta Dəhlizin imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə terminalının inşası müzakirə olunacaq.

Bundan başqa, dayanıqlı inkişaf üçün Orta Dəhlizdən istifadə ilə bağlı müzakirələr də planlaşdırılır.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Son xəbərlər

Orphus sistemi