Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.
Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.
Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.
Onun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.
Xatırladaq ki, Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb, Xarici İşlər Nazirliyinə isə müvafiq beynəlxalq strukturlara bununla bağlı məlumat göndərilməsi ilə bağlı tapşırıq verilib.