"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrinin içməli su problemini həll etməyə başlayıb.
"Report" quruma istinadən xəbər verir ki, layihə 3 000-dən çox sakini əhatə edəcək.
Layihəyə əsasən kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək. Suyun optimal paylanmasını təmin etmək üçün kəndlərdə hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilir. İkipilləli nasoslarla anbarlara çatdırılacaq suyun paylayıcı şəbəkələrə ötürülməsi üçün 28 km uzunluğunda müxtəlif diametrli magistral su xətləri çəkilib.
Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilimiş şəbəkə yaradılır və bu məqsədlə 38 km xəttin inşası planlaşdırılıb. Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Hazırda anbarlarda və şəbəkə xətlərində tikinti-quraşdırma və sayğaclaşma işləri aparılır. Cari ilin iyun ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun verilməsi nəzərdə tutulur.
Adları çəkilən kəndlərdə mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Bəzi kəndlərin sakinləri içməli suya olan tələbatlarını Dağ Bilici kəndi yaxınlığındakı Xırmı bulağından istifadə etməklə ödəyib. Lakin son illər bulağın məhsuldarlığı azaldığından kəndlərin tələbatı tam ödənilmirdi. Buna görə sakinlər içməli suyu uzaq məsafədən daşıyır və yaxud maşınlarla alırdılar.