Şamaxı şəhərinin yol infrastrukturu yenidən qurulur

Şamaxı şəhərinin yol infrastrukturu yenidən qurulur Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
İnfrastruktur
2 Avqust , 2021 09:25
Şamaxı şəhərinin yol infrastrukturu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Prezident İlham Əliyevin sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparır.

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərəncama əsasən Şamaxıda ümumi uzunluğu 96.5 km, sahəsi 621 min 615 m2 olan 126 adda prospekt və küçələrin təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə ümumi uzunluğu 12,3 km olan 20 adda prospekt və küçədə aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılır.

Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-ci km-də Bakı şəhəri istiqamətindən Şamaxı şəhərinə və yolun 123-cü km-də Ağsu istiqamətindən Şamaxı şəhərinə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılır.

Sözügedən layihəyə uyğun olaraq, Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin 123-cü km-də yerləşən dairəyə daxil olmadan Bakı şəhəri istiqamətində rahat və maneəsiz hərəkətinin təmin olunması məqsədi ilə əlavə hərəkət zolağının tikintisi də icra olunur.

Hər iki yol qovşağı arasında uzunluğu 3,1 km olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə nəzərdə tutulur.

Şamaxı rayonunda avtomobil yollarının təmiri və saxlanılması istiqamətində yerli əhəmiyyətli Şamaxı-Çuxuryurd-Zarat-Xeybəri avtomobil yolunun Şamaxı-Əngəxaran hissəsində 3450 metr və Çuxuryurd yaşayış məntəqəsinin daxilindən keçən hissəsində 2300 metr məsafədə yolun asfalt-beton örtüyünün aşınma layı da kompleks tədbirlər çərçivəsində yenidən tikilib.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi