“Noyabrın 10-da imzalanan bəyanat həm bir milyona yaxın Azərbaycan vətəndaşına Dağlıq Qarabağ və ətraf 7 rayona qayıtmaq şansı verdi, həm də Şərqlə Qərbi birləşdirən yeni təhlükəsiz quru nəqliyyat dəhlizi yaratdı”
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı deyib.
Onun sözlərinə görə, yeni dəhliz birbaşa Qafqazdan keçəcək yüklərin çatdırılma müddətini həftələrdən, aylardan günlərə qədər endirəcək. “Ticarət və iqtisadi əlaqələri açmaq və sürətləndirmək üçün belə bir fürsət 2 ay əvvələ qədər yox idi”.
“Bu sülh dividendi sayəsində, hazırda Xəzər dənizinin sahilindəki Bakı limanından, daha sonra yeni azad edilmiş ərazilərdən ən əsası - yaxınlarda açılacaq nəqliyyat dəhlizindən keçən xətt Naxçıvan Muxtar Respublikasına çatacaq. Bundan sonra, nəqliyyat xətti birbaşa Türkiyəyə və oradan keçərək Aralıq dənizinə və Avropaya doğru davam edəcək.
Qafqazda, Şərqlə Qərb arasında ticarəti asanlaşdıran və sülhə səbəb olacaq belə bir dəhliz üçün əvvəllər heç bir fürsət olmayıb. Bu dəhliz Çindən Avropaya və ya əksinə Azərbaycan üzərindən birbaşa avtomobil nəqliyyatı marşrutu yaradacaq və 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu tamamlayacaq. Təkcə, BTQ, Qərbi Avropa ilə Çin arasında malların tranzit müddətini bir aydan 15 günə qədər azaldıb. Nəqliyyat infrastrukturuna yeni və hətta daha qısa bir yol xəttinin əlavə edilməsi, Azərbaycanın ilk tərəfdaşlarından olduğu “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ticarət üçün daha çox imkanlar yaradacaq”, - deyə səfir bildirib.
“Sülh, Azərbaycanın suveren ərazilərinin təxminən 20 %-ni təşkil edən işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan infrastrukturun inkişafını da mümkün edir. İşğaldan azad edilmiş ərazilər minalar və partlamamış hərbi sursatlardan təmizlənməli, yeni evlər tikilməli, su, elektrik, qaz və telekommunikasiya infrastrukturu çəkilməli, yeni yollar, küçələr, ofislər və fabriklər, məktəblər tikilməli və ibadət yerləri yenidən qurulmalı və təmir olunmalıdır. Bütün bunlar, Bakını və ölkənin şərqini qərbin bərpa olunmuş əraziləri ilə birləşdirən yeni, regional dəmir yolu xətti ilə dəstəklənəcək”.