Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, tikinti işlərini sürətlə və keyfiyyətlə davam etdirir.
Bu barədə “Report”a Agentlikdən bildirilib.
Məlumata görə, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb.
Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud örtük sökülərək yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi tikilib.
Yeni layihələndirilən yolun I hissəsi üzrə 30 sm qalınlığında qum-çınqıl qarışığından hamarlayıcı lay, 27 sm qalınlığında fraksiyalı qırmadaş qarışığından yolun əsas layı və 29 sm qalınlığında 3 laydan ibarət (17+8+4sm) asfalt-beton örtük inşa edilib.
Layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi də icra olunub.
Qeyd edək ki, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edir.
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53.5, 53.5-73.5, 73.5-92 və 92-150-ci km-lik hissələrini əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir. Qalan 3 hissə üzrə isə tikinti işlərinin 2021-ci ilin 2-ci yarısında yekunlaşdırılması planlaşdırılır.
Ümumilikdə yeni inşa edilən 150 km-lik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir. Magistral üzrə hesabi yük A-15, NK-100-dür.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.