Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq"

Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq" Bu gün Bakıda elan olunan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulması ölkələr arasında yükdaşımaların həcmini artıracaq.
İnfrastruktur
20 Sentyabr , 2024 11:10
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq
Sorbon Qulaxmadov

Bu gün Bakıda elan olunan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulması ölkələr arasında yükdaşımaların həcmini artıracaq.

"Report " xəbər verir ki, bunu “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin I müavini Sorbon Qulaxmadov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Təcrübə göstərir ki, nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq lazımdır. Tacikistan hökuməti nəqliyyat sektorunun inkişafına, xüsusilə nəqliyyat dəhlizlərinin, dəmir yolu infrastrukturunun inkişafına və ölkənin tranzit zonaya çevrilməsinə böyük diqqət yetirir. Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir", - deyə o qeyd edib.

Qeyd edək ki, Avrasiya Nəqliyyat Marşrutu (ANM) Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qoludur. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir.

Bu il Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası ANM-in rolunu bir qədər də artıracaq. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Tacikistan–Çin avtomobil yolu ilə çatdırılan yüklər Tacikistandan dəmir yolu ilə Avrasiya Nəqliyyat Marşrutu üzrə qərb istiqamətində daşına bilər. Burada Orta Dəhliz ilə Trans-Əfqan dəhlizi arasında əlaqənin yaradılması kimi də potensial imkanlar var.

Son xəbərlər

Orphus sistemi