"Azərbaycanın Mərkəzi Avrasiyada əsas multimodal nəqliyyat və logistika mərkəzi olmaq istəyi daxili, regional və qlobal aspektləri olan çoxmərhələli və çoxşaxəli bir strategiyadır".
"Report" “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, bunu qurumun sədri Taleh Ziyadov Belçikanın "Brussel Morning" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər şeydən əvvəl bu strategiya beynəlxalq standartlara cavab verən daxili infrastrukturun yaradılmasını və təkmilləşdirilməsini nəzərdə tutur: "Neft gəlirləri sayəsində Azərbaycan son 20 ildə avtomobil və dəmir yollarını, dəniz və hava limanlarını modernləşdirməyə milyardlarla dollar vəsait qoyub. Daxili infrastrukturun yaradılması ilə yanaşı, regional və qlobal nəqliyyat şəbəkələri ilə problemsiz inteqrasiya da əsas məsələ olub. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bir sıra layihələrin icrası başa çatıb", - o qeyd edib.
"Bu gün biz görürük ki, 21-ci əsrin mərkəzlərinin meydana gəlməsi ilə Avropa ilə Asiya arasında quru yolla ticarət artır. Qazaxıstanın Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Türkiyənin Mersin limanları və s. haba çevrilməyə iddialıdır. Bu baxımdan Avropa ilə Asiya arasında strateji mövqeyə malik olan, böyük bazarlara yaxın ərazidə yerləşən Azərbaycan təkcə tranzit körpüsü deyil, eyni zamanda Avrasiyanın əsas paylayıcı və əlavə dəyər mərkəzi olmağı hədəfləyir. Bununla yanaşı, Bakı Limanı Azərbaycanın hab konsepsiyasında və xarici investisiyaların ölkəyə cəlb edilməsində əsas rolu oynamaq istəyir. Xarici şirkətlər regional qərargahlarını Bakıda qurmağa maraq göstərir və bunu 130 milyonluq regional bazara xidmət etmək məqsədi ilə edirlər. Bakı Limanı onların bu marağını dəstəkləmək, yatıracağı investisiyaları qorumaq üçün qanunverciliyi (2018-ci ildə qəbul edilmiş azad iqtisadi zona qanunu) gücləndirir. Bu qanun inkişaf edən, ağıllı, yaşıl və yenilikçi bir 21-ci əsr ekosistemi olan qlobal bir logistik mərkəz yaratmağı hədəfləyən strategiyadır", - deyə sədr əlavə edib.
"Bakı Limanında davamlılığa əsas dəyərlərimizdən biri kimi baxırıq. 2019-cu ildə liman Xəzər dənizindəki Avropa Dəniz Limanları Təşkilatının (ESPO) “EcoPorts” sertifikatına layiq görülmüş ilk liman olub. Bizim üçün "EcoPort" olmaq, yaşıl və davamlı gələcəyə olan həqiqi inamımızı təcəssüm etdirir. Neft və qaz ixracı hələ də Azərbaycan üçün mühüm valyuta mənbəyi olsa da, bir neçə il bundan əvvəl Prezident İlham Əliyev neftdən asılı iqtisadiyyatdan şaxələndirilmiş iqtisadiyyata keçməyi qarşıya məqsəd qoyub. Hab strategiyamızın məntiqi şaxələndirmə və davamlılıq tələb edir".