Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) "yaşıl" və elektron dəhlizə çevrilməsi, gələcəkdə bütün qonşu dövlətləri birləşdirməsi mümkündür.
"Report" xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələcək 10 ildə Orta Dəhliz şərqlə qərbi birləşdirən əsas dəhlizə çevrilə bilər.
T. Ziyadov, "Yaşıl konsepsiya" əsas iqtisadi və texniki işlərdə günlük tələbatı alternativ enerji ilə qarşılamaqdır: "Konsepsiyanın növbəti on illərə çox böyük təsiri var, çünki dünya dəyişir və konsepsiya on il ərzində böyük əhəmiyyət kəsb edəcək. Bakı Limanının 2019-cu ildə ilk eko-port olması buna təkan verdi ki, qonşu portlar da bu istiqamətdə getməyə başladı.
Aktau limanı Xəzər hövzəsində ikinci liman oldu. İnanırıq ki, digər limanlar da eko-port sertifikatı alacaqlar. Bu ona görə önəmlidir ki, Orta Dəhliz gələcəkdə "yaşıl" dəhliz olsun və tamamilə dayanıqlı bir dəhlizə çevrilsin. İnanırıq ki, gələcəkdə Orta Dəhliz ən vacib dəhlizlərdən birinə çevriləcək".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.