Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə M.Cabbarov vurğulayıb ki, iki ölkənin dövlət başçılarının səmimi münasibətləri əməkdaşlığın inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. O, Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, “Bir millət, iki dövlət” olaraq daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib, R.Pekcana və Türkiyə xalqına təşəkkürünü bildirib.
Azərbaycanlı nazirin sözlərinə görə, Azərbaycan və Türkiyənin iqtisadi, o cümlədən ticarət əlaqələri genişlənir, iki ölkə həm regional, həm də beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir. Bununla belə, tərəflər arasında iqtisadiyyatın bir çox sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, təhsil ticarət və s. üzrə əməkdaşlıq imkanları genişdir.
M.Cabbarov bildirib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcək. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri barədə məlumat verən nazir Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmli platforma olduğunu diqqətə çatdırıb, Azərbaycanın qardaş Tükiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu, Naxçıvan MR-da Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib.
R.Pekcan qələbə münasibətilə M.Cabbarovu və Azərbaycan xalqını təbrik edib, bu zəfərin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, türk şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirak etməkdə maraqlıdır.
Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.