“Türkiyə dəmir yolu infrastrukturuna investisiya cəlb etməyə hazırdır. Sənaye istehsal zonalarını birbaşa ticarət limanlarına bağlayacaq xətlər də, daxil olmaqla hökumətin gündəmində yeni dəmir yolu xətlərinin inşası var”.
“Report” xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə müsahibəsində Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu deyib.
Onun sözlərinə görə, dəmir yolu şəbəkəsini texniki-iqtisadi əsaslandırmalara görə planlaşdırmışıq və yeni investisiyalarla ölkə logistika üzrə lider mövqeyini tutacaq.
Son 18 ildə Türkiyənin nəqliyyat sahəsində çox şey əldə etdiyini söyləyən A.Karaismailoğlu: “Bölünmüş yolların uzunluğunu 6 min kilometrdən 28 min kilometrə, tünellərin uzunluğunu 50 kilometrdən 600 km-ya çatdırılıb, hazırda 200 km-lik tunel şəbəkəmizin inşası davam edir”.
“Türkiyə Pekindən Londona qədər uzanan bir dəhlizdə yerləşir, yeni dəmir yolu xətləri əsasən Mütəşəkkil Sənaye Bölgələrini limanlara bağlayacaq. Beləliklə də sənaye məhsulları vaxtında və uyğun qiymətlə daşınacaq, bu da türk sənayeçilərini qlobal ticarətin birbaşa və bir hissəsi halına gətirəcək. Ən əsası isə biz, logistika sektorundakı 50 %-lik xərcləri 10 %-ə endirməyi planlaşdırırıq”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, dəmir yolları ilə daşınan yükün həcmini illik 30 milyon tondan qarşıdakı 3 il ərzində 45 milyon tona, 2028-ci ilə qədər isə 150 milyon tona çatdırmağı planlaşdırırıq:
“Bakı-Tbilisi-Qars xəttinin əsas hissələrindən biri olan “Divriği-Qars” dəmiryolu xəttinə investisiyaların cəlb edilməsi məqsədi ilə çalışırıq. Xəttin tutumunu 5 milyon tondan 20 milyon tona qədər artırmağı hədəfləyirik. Xüsusən Azərbaycanda yaşanan son hadisələrdən sonra Naxçıvandan keçəcək yeni bir dəmir yolu xətti inşasını planlaşdırırıq”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.