Ötən gün axşam saatlarında Xocavənd rayonu ərazisində avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub.
"Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.