Zaqatalada yayda tozlu, qışda palçıqlı olan yol nə zaman təmir olunacaq?

Zaqatalada yayda tozlu, qışda palçıqlı olan yol nə zaman təmir olunacaq? "Zaqatala rayonunun bərbad vəziyyətə düşən Uzunqazmalar avtomobil yolunun yenidən qurulması ilə bağlı məsələ regionların soqial-iqtisadi inkişaf dövlət proqramına salınıb".
İnfrastruktur
7 Dekabr , 2022 11:34
Zaqatalada yayda tozlu, qışda palçıqlı olan yol nə zaman təmir olunacaq?

"Zaqatala rayonunun bərbad vəziyyətə düşən Uzunqazmalar avtomobil yolunun yenidən qurulması ilə bağlı məsələ regionların sosial-iqtisadi inkişaf dövlət proqramına salınıb".

Bu sözləri "Report"un Şimal-qərb bürosuna açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır və bu proqram çərçivəsində son illər ərzində Zaqatala rayonunda müxtəlif layihələr icra olunub: "O cümlədən də Uzunqazmalar avtomobil yolunun yenidən qurulması ilə bağlı məsələ regionların sosial-iqtisadi inkişaf dövlət proqramına salınıb və həmin proqram çərçivəsində sözügedən yolun da əsaslı şəkildə yenidən qurulması tərəfimizdən təmin olunacaq".

Dövlət Agentliyinin rəsmisi həmçinin vurğulayıb ki, bununla bağlı maliyyə vəsaiti ayrılan kimi artıq ərazidə müvafiq işlərə start veriləcək.

Qeyd edək ki, Zaqatala rayonunun Uzunqazmalar kəndinədək uzanan 6 km-lik yol uzun illər təmir edilmədiyindən yararsız vəziyyətə düşüb.

Kənd sakinləri "Report"un yerli bürosuna bildirib ki, yol indiyədək heç bir zaman əsaslı təmir olunmayıb. Onlar söyləyiblər ki, yararsız vəziyyətə düşdüyündən yolda yay aylarında qalxan toz-torpaq yaxınlıqdakı evlərə və həyətlərə dolur. Qış aylarında isə ərazinin palçıqlı olması əlavə problemlərin yaranmasına gətirib çıxarır. Bu səbəblərə görə, Zaqatala-Uzunqazmalar kənd marşrut xətti üzrə hərəkət edən avtobuslar gecikmələrlə işləyir.

Xatırladaq ki, Uzunqazmalar kəndi rayon mərkəzindən cəmi-cümlətani 35 km aralıda, ən yaxın yaşayış məntəqəsi olan Danaçı kəndindən isə 6 km məsafədə yerləşir.

Son xəbərlər

Orphus sistemi