“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankerinin tərsanə təmiri başa çatıb.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri aparılıb.
Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri də yerinə yetirilib. Həmçinin, yeni borular quraşdırılıb.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yaxın günlərdə Türkmənistandan xam neftin daşınmasına cəlb ediləcək.
Qeyd edək ki, “Zəngəzur” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.