Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.
"Report"un məlumatına görə, D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.
Yığmanın heyətində qolları 7-ci dəqiqədə Bolinya, 11-ci dəqiqədə Eduardo Borges, 33-cü dəqiqədə Rafael Vilela və 40-cı dəqiqədə Qallo vurublar. Rəqibdən isə 12-ci dəqiqədə Anel Radmiloviç və Nermin Kahvedziç fərqlənib. Joze Alesionun komandasında Felipinyo 30-cu dəqiqədə ikinci sarı vərəqəni görərək meydandan qovulub
Qalibiyyətə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb. Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.